AQROİNVEST - Kredit İttifaqı
TELEFON:   +994 12 434 64 05/11

  Kİ haqqında qanun

KREDİT İTTİFAQLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında Kredit ittifaqlarının yaradılması və fəaliyyət göstərməsinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir.
I fəsil
ÜMÜMİ MÜDDƏALAR

Maddə 1. Kredit ittifaqı anlayışı
1. Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.
2. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir.
3. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.

Maddə 2. Kredit ittifaqları haqqında qanunvericilik
Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri
1. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
1.1. üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
1.2. üzvlüyün könüllülüyü;
1.3. fəaliyyətinin aşkarlığı;
1.4. şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
1.5. payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;
1.6. Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
1.7. əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
1.8. fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.

Maddə 4. Kredit ittifaqının hüquqları və vəzifələri
1. Kredit ittifaqının aşağıdakı hüquqları vardır:
1.1. banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq;
1.2. öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək;
1.3. sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək.
2. Kredit ittifaqları Azərbaycan Respublikasının vergi və digər qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri həyata keçirirlər.

Maddə 5. Dövlət və kredit ittifaqları
1. Dövlət Kredit ittifaqlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər görür.
2. Təsis yığıncağından sonra Kredit ittifaqı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirilir.
3. Kredit ittifaqı qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadıqda o, təsis edilməmiş hesab olunur və paylar 15 gün ərzində geri qaytarılır.
4. Kredit ittifaqı dövlət qeydiyyatına alınmadıqda təsisçilər məhkəməyə müraciət edə bilər. Bu halda payların geri qaytarılma müddəti məhkəmənin qərarına qədər uzadıla bilər.
5. Dövlət Kredit ittifaqının öhdəliklərinə, Kredit ittifaqı isə dövlətin öhdəliklərinə cavabdeh deyildir.
6. Dövlət Kredit ittifaqlarının və onun üzvlərinin qanuni hüquqlarının və mənafelərinin müdafiəsinə təminat verir.
7. Kredit ittifaqına dövlət hakimiyyəti orqanlarının hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər həmin orqanlar tərəfindən ödənilir.
8. Kredit ittifaqı bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdır.
9. Bank fəaliyyətinə xüsusi razılıq verən orqan xüsusi razılıq verməkdən imtina etdikdə, onu əsaslandırmalıdır. Xüsusi razılıq verilməsindən imtinaya, təsisçilərin ərizəsinə əsasən məhkəmədə baxıla bilər.
10. Bank fəaliyyətinə xüsusi razılıq verən orqan Kredit ittifaqına iqtisadi tənzimləmə normativləri və İdarə Heyəti üzvlərinin peşə yararlığına dair tələblər müəyyən edə və sanksiyalar tətbiq edə bilər:
10.1. aşkar olunmuş pozuntuların aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini tələb etmək;
10.2. xüsusi razılığı dayandırmaq və ya ləğv etmək.

II fəsil
KREDİT İTTİFAQININ YARADILMASI VƏ KREDİT İTTİFAQINA ÜZVLÜK

Maddə 6. Kredit ittifaqının yaradılması
1. Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir.
2. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir.

Maddə 7. Kredit ittifaqının nizamnaməsi
1. Kredit ittifaqının nizamnaməsində aşağıdakılar göstərilir:
1.1. Kredit ittifaqının adı və ünvanı;
1.2. Kredit ittifaqının məqsədi, fəaliyyət predmeti;
1.3. Kredit ittifaqının üzvlüyünə qəbul və üzvlükdən çıxmaq qaydaları, həmçinin üzvlükdən çıxarılmaq üçün əsaslar;
1.4. üzvlərin hüquqları, vəzifələri və məsuliyyəti;
1.5. Kredit ittifaqları idarəetmə orqanlarının səlahiyyət müddətləri;
1.6. növbədənkənar ümumi yığıncaq çağırılması qaydaları;
1.7. üzvlər tərəfindən Kredit ittifaqına dəyən zərərin ödənilməsi qaydaları;
1.8. Kredit ittifaqına minimum pay məbləği, ödənilmə qaydası, müddəti və onun pozulmasına görə məsuliyyət;
1.9. Kredit ittifaqının əmlakının yaranması və gəlirlərin istifadəsi;
1.10. üzvlərin kredit almaq şərtləri və qaydaları;
1.11. Kredit ittifaqının idarəetmə və nəzarət orqanları, onların səlahiyyətləri, yaradılma və qərar qəbul etmə qaydaları;
1.12. Kredit ittifaqı fondlarının yaradılması;
1.13. Kredit ittifaqının fəaliyyətinin dayandırılması və ləğvi qaydaları;
1.14. üzvlüyə xitam verildikdə payın geri alınma qaydaları;
1.15. nizamnamədə Kredit ittifaqlarının fəaliyyəti ilə bağlı olan və qanunvericiliyə zidd olmayan digər məsələlər də nəzərdə tutula bilər.

Maddə 8. Kredit ittifaqları birliyi
Kredit ittifaqları öz üzvlərinin mənafeyini qorumaq, onların fəaliyyətini əlaqələndirmək, regionlararası və beynəlxalq əlaqələrin inkişafını təmin etmək və digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər yarada bilərlər.

Maddə 9. Kredit ittifaqına üzvlük
1. Kredit ittifaqı təsisçilərinin sayı 11-dən az olmamalıdır. Üzvlərin sayı azaldıqda Kredit ittifaqı 10 gun müddətində bank fəaliyyəti üçün xüsusi razılıq verən orqana məlumat verməklə ən geci üç ay ərzində üzvlərin sayını 11-ə çatdırmalıdır. Bu müddətdə minimum say bərpa olunmazsa xüsusi razılıq geri alınır.
2. Kredit ittifaqı qeydiyyatdan keçdikdən sonra ona yeni üzvlərin qəbulu bu Qanunda müəyyən olunmuş qaydada aparılır.
3. Kredit ittifaqının üzvü olmaq istəyən şəxs Kredit ittifaqının İdarə heyətinə ərizə ilə müraciət edir və nizamnaməyə əməl edəcəyini öhdəsinə götürür. İdarə heyətinin qərarından sonra ərizə verən şəxs üzv hesab olunur.
4. Kredit ittifaqının üzvünə onun üzvlüyünü və payının həcmini təsdiq edən sənəd verilir.

Maddə 10. Kredit ittifaqı üzvlərinin hüquqları, vəzifələri və məsuliyyəti
1. Kredit ittifaqının üzvü aşağıdakı hüquqlara malikdir:
1.1. Kredit ittifaqının xidmətlərindən istifadə etmək;
1.2. Kredit ittifaqının iclasında, idarə edilməsində iştirak etmək, onun idarəetmə və nəzarət orqanlarına seçilmək və seçmək;
1.3. Kredit ittifaqının nizamnaməsində və digər normativ sənədlərdə nəzərdə tutulan şərtlərə və qaydalara uyğun kredit almaq;
1.4. öz payını Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Nizamnamədə nəzərdə tutulmuş qaydada özgəninkiləşdirmək;
1.5. Kredit ittifaqının vəzifəli şəxslərindən ittifaqın fəaliyyəti haqqında lazımi informasiya almaq;
1.6. nizamnamədə nəzərdə tutulmuş qaydada öz payını son haqq-hesabla birlikdə geri almaq və üzvlükdən çıxmaq;
1.7. nizamnamədə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;
1.8. ümumi yı ğ ıncağın və İdarə Heyətinin qərarından məhkəməyə şikayət etmək;
2. Kredit ittifaqı üzvünün vəzifələri aşağıdakılardır:
2.1. payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək;
2.2. nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş tələblərə və qaydalara riayət etmək;
2.3. kredit alarkən onun məqsədli təyinatı haqqında dürüst məlumat vermək;
2.4. aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq;
2.5. Kredit ittifaqının idarəetmə və nəzarət orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarı yerinə yetirmək;
2.6. başqa Kredit ittifaqının üzvü olmamaq.
3. Kredit ittifaqı üzvlərinin məsuliyyəti:
3.1. Kredit ittifaqı öz öhdəliklərinə malik olduğu əmlak hədlərində məsuliyyət daşıyır və öz üzvlərinin Kredit ittifaqının fəaliyyəti ilə əlaqədar olmayan öhdəliklərinə məsuliyyət daşımır. Kredit ittifaqının üzvləri Kredit ittifaqı qarşısında öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.

Maddə 11. Kredit ittifaqının üzvlüyünə xitam verilməsi
1. Kredit ittifaqının üzvlüyünə aşağıdakı hallarda xitam verilə bilər:
1.1. payçı üzvlükdən nizamnamədə müəyyənləşdirilən qaydada xaric edildikdə;
1.2. payçı üzvlükdən könüllü çıxdıqda;
1.3. Kredit ittifaqı ləğv olunduqda.
2. Kredit ittifaqının üzvü könüllü olaraq üzvlükdən çıxdıqda ən azı 3 ay əvvəl İdarə Heyətinə ərizə ilə müraciət etməlidir.
3. Kredit ittifaqının üzvü İdarə Heyətinin qərarı ilə üzvlükdən çıxarıldıqda və bu qərarla razılaşmadıqda müşahidə şurasına və ümumi yığıncağa müraciət edə bilər. Ümumi yığıncağın qərarı ilə razılaşmadıqda isə məhkəməyə müraciət edə bilər.
4. Kredit ittifaqının üzvü vəfat etdikdə qanun üzrə vərəsə onu əvəz edə bilər və ya ona çatacaq payı ala bilər.  

III fəsil
KREDİT İTTİFAQININ İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏTİNƏ NƏZARƏT

Maddə 12. Kredit ittifaqının idarə edilməsi
1. Kredit ittifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, İdarə Heyəti və kredit komissiyası tərəfindən idarə olunur.
2. Kredit ittifaqının ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Növbəti ümumi yığıncaq nizamnamədə müəyyən olunmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədənkənar ümumi yığıncağın çağırılması qaydaları nizamnamə ilə müəyyən olunur. İdarə Heyəti ümumi yığıncağın çağırılmasını, iclasa ən azı 20 gün qalmış elan edir.
3. Aşağıdakı məsələlərə baxılması və qərar qəbul olunması ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir:
3.1. nizamnamənin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;
3.2. üzvlüyə qəbul və üzvlüyə xitam verilməsi qaydalarının müəyyən edilməsi;
3.3. Müşahidə şurasının, İdarə Heyətinin, İdarə Heyəti sədrinin, kredit komissiyasının seçilməsi, onların hesabatlarının dinlənilməsi və səlahiyyətinə xitam verilməsi;
3.4. illik hesabatın və balansın təsdiqi;
3.5. payların və digər ödənişlərin həcminin və ödənilmə qaydalarının müəyyən edilməsi;
3.6. Kredit ittifaqı mənfəətinin bölgüsü və istifadəsi qaydalarının müəyyən edilməsi;
3.7. kreditin verilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi;
3.8. Kredit ittifaqının fondlarının yaradılması və istifadəsi qaydalarının müəyyən edilməsi;
3.9. zərərin ödənilməsi qaydalarının, inzibati idarə xərcləri limitinin müəyyən edilməsi;
3.10. Kredit ittifaqının Kredit ittifaqları Birliyinə daxil olması və ondan çıxması;
3.11. Kredit ittifaqının yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;
3.12. audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması;
3.13. nizamnaməyə görə Kredit ittifaqının fəaliyyətinə aid olan digər məsələlərin həlli.
4. Üzvlərin 51 faizi iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır. Ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi yığıncaqda iştirak edən üzvlərin azı üçdə ikisi səs verdikdə, qalan məsələlər üzrə sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda iclasın sədrinin səsi həlledici olur.
5. Ümumi yığıncaqda qərar nizamnamədə nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə ilə qəbul oluna bilər.

Maddə 13. Kredit ittifaqının fəaliyyətinə nəzarət
1. Kredit ittifaqının fəaliyyətinə nəzarəti həyata keçirmək üçün ümumi yığıncaqda ittifaqın üzvlərindən müşahidə şurası seçilir. Müşahidə şurasının tərkibi 3 nəfərdən az ola bilməz.
2. Müşahidə şurasının üzvü İdarə Heyətinin və kredit komissiyasının üzvü ola bilməz.
3. Müşahidə şurası:
3.1. ümumi yığıncağın qərarlarının icrasına nəzarət edir;
3.2. Kredit ittifaqının, İdarə Heyətinin və kredit komissiyasının fəaliyyətini təhlil edir, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;
3.3. İdarə Heyətinin və kredit komissiyasının hesabatını, illik balansı öz rəyi ilə birlikdə ümumi yığıncağa təqdim edir;
3.4. İdarə Heyətinin və kredit komissiyasının fəaliyyətlərində olan nöqsanların aradan qaldırılması, qanunsuz qəbul olunan qərarların ləğvi üçün xəbərdarlıq edir, yaxud bu barədə ümumi yığıncağa məlumat verir;
3.5. İdarə Heyətindən və kredit komissiyasından şikayətlərə baxır;
3.6. nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.
4. Müşahidə Şurasının üzvlərindən biri auditorluq təcrübəsinə malik olmalıdır. Müvafiq təcrübəyə malik üzv olmadıqda müqavilə ilə auditor cəlb oluna bilər.

Maddə 14. Kredit ittifaqının fəaliyyətinə rəhbərlik
1. Ümumi yığıncaqlar arasındakı dövrdə Kredit ittifaqının fəaliyyətinə ümumi yığıncaqda seçilən İdarə Heyəti və İdarə Heyətinin sədri rəhbərlik edir. İdarə Heyətinin üzvü müşahidə şurasının və kredit komissiyasının üzvü ola bilməz.
2. İdarə Heyətinin üzvlərinin sayı, seçilmə müddəti, İdarə Heyətinin, onun üzvlərinin və sədrin hüququ, vəzifəsi və səlahiyyəti nizamnamə ilə müəyyən olunur. İdarə Heyətinin tərkibi 3 nəfərdən az olmamalıdır.
3. İdarə Heyəti:
3.1. nizamnamə ilə müəyyən edilmiş qaydada Kredit ittifaqına yeni üzvlərin qəbul edilməsi və üzvlükdən azad edilməsi məsələlərinə baxır;
3.2. Kredit ittifaqını məhkəmədə və üçüncü şəxslərlə münasibətdə təmsil edir;
3.3. ümumi yığıncağın keçirilməsini təşkil edir;
3.4. Kredit ittifaqının adından işə cəlb olunanlarla əmək müqaviləsi bağlayır, öz üzvləri və üçüncü şəxslərlə mülki sövdələşmələr aparır;
3.5. kredit komissiyasının rəyi əsasında kredit verir;
3.6. mühasibat balansını və digər maliyyə hesabatlarını hazırlayır;
3.7. nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.
4. İdarə Heyətinin üzvlərinin əmək haqqı nizamnamədə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

Maddə 15. Kreditin verilməsi
1. Kredit verilməsi haqqında qərarı kredit komissiyasının rəyi əsasında İdarə Heyəti qəbul edir. Azı üç nəfərdən ibarət kredit komissiyası ümumi yığıncaqda Kredit ittifaqının üzvlərindən seçilir. Kredit komissiyasının səlahiyyət müddəti, vəzifələri, hüquqları və məsuliyyəti nizamnamə ilə müəyyən olunur.
2. Kredit komissiyasının üzvü İdarə Heyətinin və müşahidə şurasının üzvü ola bilməz.
3. Kredit komissiyası üzvlərin kredit almaq haqqında ərizələrinə baxır, kreditin verilməsi və qaytarılması şərtlərini müəyyənləşdirir və bu məsələlər üzrə İdarə Heyətinə təkliflər verir. İdarə Heyəti kredit komissiyasının rəyi olmadan üzvlərlə kredit müqaviləsi bağlaya bilməz.
4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada kreditə təminat tələb oluna bilər.
5. Kredit komissiyası kreditlərə faiz dərəcəsini müəyyənləşdirmək üçün ümumi yığıncağa təkliflər verə bilər.
6. Kredit komissiyası ildə bir dəfə öz fəaliyyəti barədə ümumi yığıncağa hesabat verir.

Maddə 16. Müşahidə şurasının, İdarə Heyətinin və kredit komissiyasının məsuliyyəti
Müşahidə şurasının, İdarə Heyətinin və kredit komissiyasının üzvləri öz hərəkətləri (hərəkətsizliyi) ilə kredit ittifaqına vurduğu zərərə görə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 17. Kredit ittifaqlarında vergitutma qaydası, uçot və hesabat
1. Kredit ittifaqlarında vergitutma qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunur.
2. Kredit ittifaqlarında mühasibat uçotu qaydaları, hesabatın xarakteri, strukturu və təqdim edilmə müddətləri qanunvericiliyə uyğun olaraq bank fəaliyyətinə xüsusi razılıq verən orqan tərəfindən müəyyən edilir.

  IV fəsil
KREDİT İTTİFAQININ FONDLARI

Maddə 18. Nizamnamə kapitalı
1. Kredit ittifaqının nizamnamə kapitalı üzvlərin paylarından formalaşır.
2. Kredit ittifaqı nizamnamə kapitalının minimum məbləği bank fəaliyyətinə xüsusi razılıq verən orqan tərəfindən, üzvlərin payının həcmi, ödənilmə qaydası və qaydanın pozulmasına görə məsuliyyət isə nizamnamə ilə müəyyən olunur.
3. Nizamnamə kapitalı qarşılıqlı kreditləşmə məqsədinə istifadə olunur. Ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalından Kredit ittifaqının fəaliyyətə başlaması üçün zəruri olan bina, avadanlıq və inventar əldə olunmasına vəsait yönəldilə bilər.
4. Nizamnamə kapitalının formalaşması üçün Kredit ittifaqının aldığı borcdan istifadə olunması qadağandır.
5. Kredit ittifaqının üzvləri öz paylarını yalnız üzvlükdən çıxarkən geri götürə bilərlər.

Maddə 19. Ehtiyat fondu
1. Kredit ittifaqına fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə xüsusi ehtiyat fondu yaradılır.
2. Ehtiyat fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada formalaşır.

Maddə 20. Qarşılıqlı kredit fondu
1. Kredit ittifaqı kredit vermə mənbəyi olan qarşılıqlı kredit fondu yaradır. Qarşılıqlı kredit fondu nizamnamə kapitalı, Kredit ittifaqının mənfəətindən, habelə bu Qanuna müvafiq digər mənbələrdən cəlb olunmuş vəsaitlər hesabına formalaşır. Bu fondun vəsaitlərindən yalnız üzvlərə kredit verilməsi üçün istifadə olunur.
2. Kredit fondundan verilən kreditin məbləği kredit alan üzvün payının 10 mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.  

V fəsil
KREDİT İTTİFAQININ LƏĞVİ, YENİDƏN TƏŞKİLİ
VƏ MÜBAHİSƏLƏRƏ BAXILMA

Maddə 21. Kredit ittifaqının ləğvi
1. Kredit ittifaqının ləğvi üçün əsaslar:
1.1. Kredit ittifaqının ləğvi haqqında ümumi yığıncağın qərarı;
1.2. Kredit ittifaqı üzvlərinin minimum sayının və minimum nizamnamə kapitalının azalması;
1.3. müflis olmuş Kredit ittifaqının ləğvi haqqında məhkəmənin qüvvəyə minmiş qərarı;
1.4. Azərbaycan Respublikası qanunlarının pozulmasına görə Kredit ittifaqının ləğv olunması haqqında məhkəmənin qüvvəyə minmiş qərarı.
2. Ləğvetmə haqqında qərar qəbul edən orqan ləğvetmə komissiyası yaradır və İdarə Heyətinin funksiyası ləğvetmə komissiyasına verilir.
3. Kredit ittifaqının ləğvi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada həyata keçirilir. Kredit ittifaqı ləğv olunduqda paylar və onlara mütənasib olaraq hesablanmış gəlirlər Kredit ittifaqının bütün öhdəlikləri yerinə yetirildikdən sonra üzvlər arasında bölüşdürülür.

Maddə 22. Kredit ittifaqının yenidən təşkili
1. Kredit ittifaqı qanunvericilikdə nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Yenidən təşkil edilən Kredit ittifaqının tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması, habelə bölünməsi, birləşməsi formasında ümumi yığıncağın qərarı ilə həyata keçirilir.
2. Kredit ittifaqlarının yenidən təşkili üçün İdarə Heyəti tərəfindən layihə hazırlanır. Layihəyə müstəqil auditor tərəfindən rəy verilir.
3. Yenidən təşkil edilmə layihəsində aşağıdakı məlumatlar verilir:
3.1. Kredit ittifaqının adı və ünvanı;
3.2. Üzvlərin sayı;
3.3. Nizamnamə kapitalı;
3.4. Verilən kreditlərin və əmlakın qiymətləndirilməsi;
3.5. Öhdəliklərin varislik şərtləri və müddəti;
3.6. Yenidən təşkil edildikdən sonra fəaliyyət göstərəcək Kredit ittifaqında üzvlərin paylarına sərəncam vermək meyarları və qaydaları;
3.7. Yenidən təşkil edilmə ərəfəsində və sonra qarşılıqlı kredit verilməsi meyarları;
3.8. Yenidən təşkil edildikdən sonra üzvlərin digər əmlak və qeyri-əmlak hüquqları və vəzifələri, bu hüquq və vəzifələrin qüvvəyə minməsi müddəti.
4. Yenidən təşkil edilmə layihəsi ilə yanaşı, yenidən yaradılmadan sonra fəaliyyət göstərən hər bir Kredit ittifaqının nizamnaməsi hazırlanır.
5. Yenidən təşkil edilmə haqqında hər bir üzvə ən azı 20 gün əvvəldən yazılı məlumat verilir və hər bir üzv yenidən təşkil edilmə layihəsi ilə tanış ola bilər.
6. Yenidən təşkil edilmiş Kredit ittifaqı bu Qanunun tələblərinə uyğun olaraq bank fəaliyyəti üçün xüsusi razılıq almalıdır.

Maddə 23. Mübahisələrə baxılma
Kredit ittifaqının üzvləri və üzvlərlə idarəetlə orqanları arasında yaranan mübahisələrə ümumi yığıncaqda baxılır. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunmadıqda həmin mübahisəyə aidiyyatı üzrə məhkəmədə baxılır.

Maddə 24. Yekun müddəalar
1. Bu Qanun qüvvəyə mindiyi tarixədək yaradılmış Kredit ittifaqları bu Qanunun müddəalarına uyğun olaraq fəaliyyət göstərirlər.
2. Bu Qanun qüvvəyə mindiyi tarixədək Kredit ittifaqlarına bank fəaliyyəti üçün verilmiş xüsusi razılıq onlarda göstərilən müddət ərzində qüvvədə qalır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
 
   Menyu
 
© 2015 | AQROINVEST. All rights reserved